Məlum olduğu kimi, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi artıq Milli Məclisdə müzakirə edilir. Qanunvericiliyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi və s. istiqamətləri əhatə edir.
Qanun layihəsi ilə bağlı müzakirələr davam etdiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təklif olunan bəzi dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyiciləri tərəfindən sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması, eləcə də yaralanmış şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılmışdır. Bu məqsədlə 2021-ci ilin 1 yanvar tarixindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 2021-ci il 1 yanvar tarixdən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.
Mənbə: https://www.taxes.gov.az/az/post/1683