İxrac təşviqi məhsulun ixrac gömrük bəyannaməsində göstərilən gömrük dəyərinin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ixracatçıya ödənilməsi mexanizmidir. İxrac təşviqi bir sıra qeyri-neft məhsullarına şamil olunur. Bu məsələ Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli 401 saylı qərarı ilə tənzimlənir. Qeyd edək ki, müddəti 2020-ci ilin dekabr ayınadək qüvvədə olan həmin qərar yenidən nəzərdən keçirilib və vaxtı uzadılıb.
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün icra olunan yol xəritələrində ixracın təşviqinə xüsusi yer ayrılıb. Sektorun inkişafına təkan verən məhsulların yerli istehsalını artırmaq üçün onları xaricə ixrac edən zaman dəyərinin müəyyən məbləği geri qaytarılır. Məsələn, yumurta, təbii bal, xurma, nar, zeytun, yağ, şirələr, meyvə-tərəvəz məhsullarını xaricə çıxaran zaman gömrük dəyərindən həmin malın dəyərinin müəyyən faizi hesablanaraq ixracatçıya geri qaytarılır. İxrac təşviqinin baza məbləği 3% təşkil edir. Əlavə olaraq məbləğə 1 və 2 əmsalları da tətbiq olunur.
Misal 1: 100.000 manat dəyərində meyvə-tərəvəz ixrac edən ixracatçıya 3000 manat geri qaytarılır və 1 əmsalı tətbiq olunur.
100.000 x 3% = 3000 manat
3000 x 1 = 3000 manat.
Misal 2: xaricə ixrac edir. Tutaq ki, ixracatçı bir əməliyyat çərçivəsində 100.000 manat dəyərində istehsal etdiyi şirəni xaricə çıxarıb. Şirələrin ixracında 2 əmsalı təqbiq olunur:
100.000 x 3% = 3000 manat
3000 x 2 = 6000 manat.
Bu zaman ixracatçı həmin məhsula görə 6000 manat vəsaiti ixrac təşviqi kimi geri alacaq.
Vergi Məcəlləsinin 102.1.35-ci maddəsində göstərilib ki, fiziki şəxslərin ixrac təşviqi sənədinə əsasən əldə etdiyi məbləğ gəlir vergisindən azaddır. Məcəllənin 106.1.27-ci maddəsinə əsasən, hüquqi şəxslərin ixrac təşviqinə görə əldə etdiyi gəlirlər mənfəət vergisindən azaddır və həmin məbləğlər sadələşdirilmiş vergi və əlavə dəyər vergisinə cəlb olunmur. Dövlət vəsaiti hesabına, yəni ixrac təşviqinə uyğun olaraq ixracatçıya qaytarılan məbləğlər vergi öhdəliklərindən azaddır.
Mənbə: https://vergiler.az/news/taxes/11053.html