Dünya təcrübəsində daimi dəstəklənməyə və stimula ehtiyac olan fəaliyyət sahələrinin ən öndə gələni kənd təsərrüfatıdır. Azərbaycanda da kənd təsərrüfatının stimullaşdırılması və inkişafına dəstək məqsədilə Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən aşağıdakı əməliyyatlar ƏDV-dən azad edilmişdir:
• kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı;
• damazlıq heyvanların idxalı və satışı;
• toxum və tinglərin idxalı və satışı;
• quş ətinin satışı;
• mal ətinin satışı;
• mineral gübrələrin, pestisidlərin idxalı və satışı;
• kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı;
• toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqlarının, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı;
• bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı;
• lizinq müqaviləsinin obyekti olan kənd təsərrüfatında istifadə olunan əsas vəsaitlərin idxalı.
Əlavə edim ki, 164¬-cü maddəyə əsasən, kənd təsərrüfatı sahəsi ilə yanaşı, bəzi digər əməliyyatlar (müəssisələr) da ƏDV-dən azad edilmişdir:
• təhsil xidmətlərinin göstərilməsi (ümumi təhsil müəssisələri, bağça, orta məktəb, kollec, lisey və Universitertlərin əməliyyatları);
• maliyyə xidmətlərinin göstərilməsi (bank,sığorta və lizinq təşkilatlarının əməliyyatları);
• mətbuat xidmətlərinin göstərilməsi (reklam xidmətləri istisna olmaqla, nəşriyyat, jurnal, radio və televiziya xidmətləri);
• buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı;
• kəpəyin istehsalı və satışı;
• hüquqi şəxslərin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi əməliyyatları;
• investisiya təşviqi sənədini almış şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;
• KOB klaster şirkəti tərəfindən istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;
• metropolitenlə sərnişindaşıma xidmətləri;
• dəfn və qəbiristanlığın mərasim xidmətləri və s.
Vergi Məcəlləsinə əsasən, ƏDV-dən azad olan əməliyyatlar aparan müəssisələrin ƏDV-ni əvəzləşdirməsi mexanizmi fərqlidir.
I hal: Yalnız ƏDV-dən azad olan əməliyyatlar aparan müəssisələr ödədikləri ƏDV-ni heç cür əvəzləşdirə bilməzlər. Yəni müəssisənin əməliyyatlarının 100 faiz hissəsi ƏDV-dən azaddırsa, onun ƏDV-ni əvəzləşdirmə hüququ yoxdur.
II hal: Həm ƏDV-dən azad əməliyyatlar, həm də ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan əməliyyatlar aparan müəssisələr ƏDV-dən azad olan əməliyyatların dövriyyədəki xüsusi çəkisi qədər əvəzləşdirilən ƏDV-dən azaltmaqla qalan ƏDV-ni əvəzləşdirə bilərlər.
III hal: ƏDV-dən azad olan əməliyyatlar aparan müəssisələr əgər ƏDV-yə cəlb edilən əməliyyatlarla ƏDV-dən azad edilən əməliyyatların uçotunu ayrı-ayrılıqda apararsa, ödədikləri ƏDV-ni tam şəkildə əvəzləşdirə bilərlər. Belə vəziyyət ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatların mövcud olduğu halda mümkün ola bilir. Bu halda vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-ni tam məbləğdə əvəzləşdirmə hüququ yaranır. Əgər sənədləşdirilmiş məlumatlar üzrə uçot ayrı-ayrılıqda aparılmazsa, ƏDV-dən azad olan əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq aparılmalıdır. Yəni əvəzləşdirilən ƏDV-dən azaldılma xüsusi çəki qədər olmalıdır.
Mənbə: https://vergiler.az/news/taxes/14130.html