Vergilər.az-a istinadən bildiririk ki, 2021-ci il iyunun 1-dək 16 min 121 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.
Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən bildirilib ki, bunlardan 10 min 787-nin fəaliyyəti aktivdir, 4472-nin fəaliyyəti dayandırılıb, 862-si isə ləğv edilib.
Hesabat dövründə fəaliyyəti aktiv olan xarici investisiyalı kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artıb.
Qeydiyyatda olan xarici investisiyalı kommersiya hüquqi şəxslərin 18,2 faizi xarici hüquqi şəxslərin Azərbaycandakı nümayəndəliyi və ya filialı, 78,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyəti və kooperativ, 2,6 faizi isə digər təşkilati-hüquqi formalardadır.
Bu ilin yanvar-may aylarında dövlət qeydiyyatından keçmiş 359 xarici investisiyalı kommersiya hüquqi şəxsin 29 faizi ticarət, 27 faizi xidmət, 13,1 faizi tikinti, 30,9 faizi isə digər sahədə fəaliyyət göstərir.